İlyas Əfəndiyev Fondu beynəlxalq qeyri-hökumət təşkilatı oldu

2005-ci ildə təsis edildiyi gündən etibarən görkəmli Azərbaycan dramaturqu və xalq yazıçısı İlyas Əfəndiyevin adını daşıyan Fond respublikada xeyriyyəçilik fəaliyyəti göstərir, dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərini, mədəniyyətini və incəsənətini fəal təbliğ edir. 2011-ci ilin aprelində Fondun formatının genişləndirilməsi məqsədilə Avropa İttifaqı ərazisində Avropa qanunvericiliyinə müvafiq olaraq İlyas Əfəndiyev Beynəlxalq Fondu təsis edilmişdir. (http://www.ilyasafandiyev.com).

BMT-in 2000-ci il Zirvəsində elan edilmiş “Minilliyin inkişaf məqsədləri”nə uyğun olaraq, İlyas Əfəndiyev Beynəlxalq Fondu cəmiyyətin davamlı inkişafının təmin olunması məsələlərinin aşağıdakı istiqamətlər üzrə xüsusi diqqət yetirir: sülh, təhlükəsizlik, beynəlxalq və regional əməkdaşlıq; mədəniyyət, elm və təhsil; səhiyyə və sosial təminat; cəmiyyətin demokratikləşməsi; ədalət məhkəməsi və insan hüquqları; ölkənin iqtisadi inkişafı və infrastrukturu; marginal cəmiyyətlərdə insanların həyatının yaxşılaşdırılması və s.

Bu məqsədlərə çatmaq üçün İlyas Əfəndiyev Beynəlxalq Fondu Avropa, Asiya, Qafqaz və  müsəlman dünyası ölkələrində yaşayan xalqların davamlı inkişafına yönəlmiş bir sıra Məqsədli Layihə həyata keçirmək, təhsil, mədəniyyət, sosial və digər sahələrdə mövcud humanitar problemlərin həllində iştirak etmək niyyətindədir.

Fondun Missiyasının həyata keçirilməsinin əsas vasitələri aşağıdakılardır:

  • müxtəlif ölkələrdə dövlət və ictimai xadimlərlə, biznes nümayəndələri ilə aktiv dialoq;
  • beynəlxalq, regional və lokal proqramların həyata keçirilməsi üçün bir sıra ölkədə Fondun Nümayəndəliyinin açılması;
  • həyata keçirilən layihələrin təşkilati və informasiya təminatı, onların dövlət, siyasi və sosial dəstəyinin təşkili;
  • müxtəlif ölkələrdə qeyri-hökumət təşkilatları ilə sıx əlaqələrin qurulması: rəsmi görüş, konfrans, seminar və treninqlərin təşkili;
  • qrantlar əsasında Fondun bir sıra Məqsəd Proqramının, o cümlədən təhsil, mədəniyyət, sosial-humanitar, vətəndaş cəmiyyətinin inkişafı, iqtisadi modernləşmə proqramlarının həyata keçirilməsi;
  • Fondun layihələrinin icrasına qoşulan qeyri-hökumət təşkilatlarının beynəlxalq şəbəkəsinin yaradılması;
  • Müxtəlif ölkələrdə ünvanlı və təxirəsalınmaz yardımın göstərilməsi.

Fondun fəaliyyəti geniş beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Bir sıra dövlət və hökumət başçısının, ictimai xadimlərinin, o cümlədən Litva Respublikasının Prezidenti Valdas Adamkus, Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanov, Sloveniya Respublikasının prezidenti Danilo Türk, Türkiyə Cümhuriyyətinin baş naziri Recep Tayyip Erdoğan, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı Səfiri, millət vəkili Mehriban xanım Əliyeva, Macarıstanın “Duna TV” Teleşirkətinin prezidenti Laslo Çelenyi, ABŞ-ın Soft Computing İnstitutunun direktoru, professor Lütfi Zadə, Moskva Humanitar Universitetinin rektoru, professor İqor İlyinski tərəfindən İlyas Əfəndiyev Beynəlxalq Mükafatının qəbul etməsi buna dəlalət edir.

Fond yeni formatda - bundan sonra beynəlxalq qeyri-hökumət təşkilatı kimi, Azərbaycanın digər ölkələrlə əlaqələrinin genişləndirilməsi, ictimai xeyriyyə, humanitar yardım, xalqların  davamlı inkişafı, beynəlxalq əməkdaşlıq və  fəal sülhməramlı təşəbbüslər üzrə fəaliyyətlərə daha çox diqqət yetirəcəkdir.


Beynəlxalq Novruz günü münasibətilə Xeyriyyə Konserti təşkil olundu

Martın 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən uşaqlar üçün Novruz şənliyi keçirilmişdir.
AzərTAc xəbər verir ki, İlyas Əfəndiyev adına Ədəbi–Bədii Xeyriyyə Fondu ilə birgə keçirilən tədbirdə dövlət uşaq müəssisələrində yaşayan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də aztəminatlı ailələrin uşaqları iştirak etmişlər.
Tədbirdə AQUPDK sədrinin müavini Aynur Sofiyeva, Ədəbi–Bədii Xeyriyyə Fondunun sədri Tural Əfəndiyev və digər çıxış edənlər uşaqların hüquqlarının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışlar.
Bildirilmişdir ki, son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin yaradılması və s. sahələrdə mühüm addımlar atılmaqdadır.
Bədii-əyləncəli tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi də təşkil olunmuşdur.
Novruzun əsas personajları sayılan Keçəl və Kosa uşaqları əyləndirmiş, incəsənət ustaları, uşaq yaradıcılıq qrupları çıxış etmişlər.
Sonda tədbirdə iştirak edən uşaqlara bayram xonçaları təqdim olunmuşdur.


Xos gelmishsiniz


Bookmark & Share